1. bölüm · Qırmızı ipi izlədim,məni sənə apardı"

Giriş

Ləman İbayeva

Mənim 17 yaşım var idi. Balaca, yoxsul bir məhəllədə ailəmlə birlikdə yaşayırdım. Hər səhər evimizdə sakit bir başlanğıc olurdu: atam saat 6-da bazara gedir, anam isə ev işlərini görürdü. Hər künc sanki onun əllərinin izi ilə dolu idi, amma işlərin ağırlığı üzündə əks olunurdu.
Balaca qardaşım Arif isə tam əksinəydi. O, həmişə şən, enerjili və danışqan idi. Evin son beşiyidir deyib, hər an şıltag vurmaqdan geri qalmırdı. Bəzən onun enerjisi dərslərimi pozur, diqqətimi yayındırırdı. Amma onun bu şıltaqlığı da bir növ evimizin həyatını doldururdu.
Mənim isə ən böyük arzum müəllimə olmaq idi. Xüsusilə musiqi müəlliməsi. Uşaqlıqdan bu arzumu ürəyimdə daşıyırdım. Anamın gözəl səsi vardı; evdə tez-tez bizə mahnılar oxuyardı. Mən də onun səsi ilə böyüyürdüm, hər not mənim qəlbimdə iz buraxırdı. Sanki hər melodiyada gələcəyimə dair bir işıq parlayırdı.
İmtahanıma 1 ay qalmışdı. Hər gün özümü dərslərə həsr edir, eyni zamanda qardaşımın şənliyindən diqqətimi yayındırmamağa çalışırdım. Hər səhər oyananda, günün mənim üçün nə qədər vacib olduğunu xatırlayırdım. Hər cümlə, hər nota, hər dərs mənə arzuma bir addım yaxınlaşdırırdı.
Bəzən özümü evin sakit küncündə oturub xəyallara dalmış halda tapırdım. Düşünürdüm ki, əgər çalışsam, hər şey mümkündür. Həyat bəzən çətin olsa da, ürəyimdəki arzu mənə güc verirdi.
Məhəlləmizin dar küçələrində gəzərkən, hər addımımda bir hekayə gizliydi. İnsanlar, səs-küylər, küçədəki köhnə pəncərələr… Hamısı mənim xəyallarımı, arzularımı müşahidə edirdi sanki.
Hər gün keçdikcə, mən daha çox inanırdım ki, zəhmət və səbr hər qapını açar. Hər cümlə, hər nota və hər düşüncə mənim gələcəyimə atılan kiçik, amma vacib addım idi.
Aylar keçdi. Günlər bir-birini qovaladı. Nəhayət imtahan günüm bəlli oldu. O xəbəri eşidəndə ürəyim sıxıldı. Sanki bütün taleyim bir günün içinə sığmışdı.
İmtahan səhəri tez oyandım. Güzgüyə baxanda gözlərimdə həm qorxu, həm də qəribə bir qətiyyət vardı. Öz-özümə pıçıldadım: “Bunu bacarmalısan, Elara.”
Zala girəndə əllərim titrəyirdi. İlk sualları görəndə nəfəsim daraldı. Amma bir neçə dəqiqə sonra sakitləşdim. Aylarla çəkdiyim zəhmət yadıma düşdü. Bir-bir yazmağa başladım. Vaxtın necə keçdiyini hiss etmədim.
Zaldan çıxanda qəribə bir boşluq vardı içimdə. Artıq əlimdən gələni etmişdim. Qalanı taleyin idi.
Günlər keçmək bilmirdi. Hər səhər oyananda ilk düşündüyüm şey nəticə olurdu. Və bir gün…
Telefonuma gələn bildirişi görəndə ürəyim az qala dayanacaqdı. Əllərim əsə-əsə açdım.
Qəbul olunmuşdum.
Bir neçə saniyə sadəcə ekrana baxdım. Sonra gözlərim doldu. O an sanki bütün zəhmətim, yuxusuz gecələrim mənə “dəyərdi” dedi.
Bakıya getmək lazım idi.
Atam o gündən daha da dəyişdi. Səhər hələ hava açılmamış evdən çıxırdı. Axşam isə gec qayıdırdı. Bir yox, iki işdə işləməyə başladı. Mən hiss etməsəm də, hiss edirdim. Yorğunluğunu gizlətməyə çalışırdı.
Bir axşam soruşdum: — Özünü niyə bu qədər yorursan?
Sadəcə dedi: — Sənin bir aylıq pulun artıq hazır olsun deyə.
O söz məni susdurdu. Bakı uzaq idi. Böyük şəhər idi. Qorxulu idi. Amma atam artıq qərarını vermişdi. Mən oxumalı idim.
Bir ayın pulu yavaş-yavaş yığıldı. Hər qəpikdə onun tələsik addımları, yorğun nəfəsi vardı. Mən artıq anlayırdım — bu, təkcə mənim yolum deyildi. Bu, bir ailənin ümidi idi.
Bakıya gedəcəyim gün gəlib çatdı.
Avtobus pəncərəsindən şəhərə baxırdım. Binalar hündür idi. İnsanlar tələsirdi. Hər şey böyük, qarışıq və bir az da qorxulu görünürdü. İçimdə həm həyəcan, həm də qəribə bir boşluq vardı. Bu şəhər artıq mənim yeni həyatım idi.
İlk dərs günüm səhər tezdən oyandım. Uzun müddət pəncərənin qarşısında dayanıb dərin nəfəs aldım. “Buradayam,” dedim öz-özümə. “Həqiqətən buradayam.”
Universitetin həyətinə girəndə ürəyim yenə sürətlə döyünməyə başladı. Hər kəs qruplaşmışdı. Kimisi gülür, kimisi şəkil çəkdirirdi. Mən isə bir kənarda dayanıb hara gedəcəyimi düşünürdüm.
Elə o an yanımda bir səs eşitdim: — Sən də birinci kursan?
Mən çevrildim. Uzun saçlı, gülərüz bir qız idi. Gözlərində səmimiyyət vardı.
— Hə… — dedim utancaq şəkildə.
— Mən Sevil, — dedi əlini uzadaraq. — Deyəsən eyni qrupuq.
O an içimdəki qorxunun bir hissəsi yox oldu. Tək deyildim artıq.
Dərsə birlikdə girdik. Arxa sıralardan birində oturduq. Tanışlıq başladı. Hər kəs öz adını, haradan gəldiyini deyirdi. Sıra mənə çatanda ayağa qalxıb adımı söylədim. Səsim bir az titrədi, amma gözlərimdə qətiyyət vardı.
Tənəffüsdə artıq üç-dörd nəfər bir yerdə dayanmışdıq. Gülürdük. Telefon nömrələrimizi aldıq. Bakı əvvəlki qədər qorxulu görünmürdü.
O gün başa düşdüm ki, yeni həyat qorxulu deyilmiş. Sadəcə ilk addımı atmaq çətindir.
Tənəffüs vaxtı Sevillə həyətə düşdük. Universitetin qarşısında uzun bir oturacaq vardı. Elə o an gözüm ona sataşdı.
Oturacağın bir kənarında bir oğlan oturmuşdu. Əsmər idi. Qara gözləri uzağa baxırdı. Üzündə qəribə bir soyuqqanlılıq vardı, sanki ətrafdakı səs-küy ona aid deyildi. Heç kimlə danışmırdı. Sadəcə sakitcə oturmuşdu.
Nədənsə baxışlarımı çəkə bilmədim.
Bir anlıq gözləri mənim gözlərimə dəyəndə ürəyim titrədi. O isə heç nə olmamış kimi baxışlarını yayındırdı. Elə bil heç nə hiss etməmişdi.
— Nəyə baxırsan? — Sevil pıçıldadı.
— Heç nə… — dedim tez.
Amma bilirdim ki, o “heç nə” deyildi.
Bu şəhərdə ilk günüm idi. İlk dostluğumu tapmışdım. Amma eyni zamanda, adını belə bilmədiyim bir qərib də diqqətimi çəkmişdi..